Min bir dərdin dərmanı…

15 Dekabr 2017 10:40

Çayın vətəni Çin hesab edilir. Tarixi mənbələrə görə, İmperator  Şen Nunun xidmətçilərindən biri bağçada su qaynadarkən, içərisinə təsadüfən çay yarpağı düşür. Bağçanı bürüyən xoş ətir hökmdarı valeh edir. İçkinin dadına baxdıqdan sonra isə çayın istehsalına göstəriş verir. Beləcə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən bu içki, əvvəlcə Çinə, sonra isə bütün dünyaya yayılır. Azərbaycanda da çay həvəskarları kifayət qədərdir. Elə qəhrəmanım Murad kimi... Çayın  dəmlənməsi ilk baxışdan sadə görünsə də, peşəkarlıq tələb edir. Dəm çaydanının nədən hazırlanmasından tutmuş, istifadə edilən suyun tərkibinədək hər bir amil, çayın dadına təsir göstərir. Bir neçə ildir çayçı kimi çalışan Fuad Rüstəmov deyir ki, dəmləmə zamanı samovardan və bulaq suyundan istifadə ediləndə çayın ətri tamam fərqli olur. Bulaq suyunun tərkibindəki faydalı minerallar bu içkinin xoş ətirini daha da artırır. Azərbaycan çayına olan təlabat son illər bu sahəyə marağı daha da artırıb. Həm də dövlətin tətbiq etdiyi güzəştlər sahəsində ölkəmizdə çayçılıq xeyli inkişaf edib. İndi Azərbaycan çayı dünyada tanınır. Çayçılıqla məşğul olan fermerlər deyirlər ki, çay gəlir mənbəyi olmaqla yanaşı, həm də gəncləri pis vərdişlərdən uzaqlaşdıran bir vasitədir. Ölkəmizdə bu içkiyə olan sevgi artıq “Azərbaycanın çay mədəniyyəti”ni formalaşdırıb. 18-ci əsrdən başlayaraq bu mədəniyyət getdikcə daha da inkişaf etdirilib. Mütəxəssislər bildirir ki, çayın tərkibindəki faydalı minerallar və C vitamini ürək-damar sistemi üçün xeyirlidir. Çay mədə xərçənginin qarşısını almağa kömək etməklə yanaşı, həm də həzm prosesini yaxşılaşdırır. Bu şəfaverici xüsusiyyətlərinə görə, ilk dəfə çay dərman kimi içilib. Elə qəhrəmanım Murad da gənclərə spirtli içkilərdənsə çay içməyi tövsiyə edir. Çayın və çayçılığın hərtərəfli faydasını nəzərə alaraq hər il dekabrın 15-i Beynəlxalq Çay Günü kimi qeyd olunur. Banqladeş, Şri-Lanka, Nepal, Vyetnam, İndoneziya, Keniya, Malayziya, Hindistan kimi çay istehsalı ilə məşğul olan ölkələrdə bu bayram 2005-ci ildən qeyd edilməyə başlayıb.


SAMİR NAMİQOĞLU