Azərbaycan Misir mətbuatını heyrətləndirdi

09 Dekabr 2017 18:43

Misirin geniş oxucu auditoriyasına malik “Əxbar əl-yaum” qəzeti ölkənin aparıcı media nümayəndələrinin bu yaxınlarda Azərbaycana səfərinin nəticələrinə dair bir neçə məqalə dərc edib. Yazılarda qeyd olunur ki, onlar ölkəmizin tarixi, dini və mədəni abidələri ilə tanış olub, cəbhə xəttinə yaxın kəndlərə baş çəkib, işğaldan azad edilən Cocuq Mərcanlı kəndinə gediblər. Bildirilir ki, səfərin önəmli hadisələrindən biri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun nümayəndə heyətinin üzvləri ilə görüşü olub. Söhbət zamanı ölkəmizdə digər azadlıqlarla yanaşı, etiqad azadlığının da qorunduğu vurğulanıb, din-dövlət münasibətlərinin yüksək səviyyədə tənzimləndiyi diqqətə çatdırılıb. Müəllif yazır ki, Azərbaycanın İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verdiyini bildirən Əli Həsənov tarix boyu ölkəmizdə mövcud olan multikultural və tolerant mühitdən danışıb, Azərbaycanın öz tolerantlıq modelini, mədəniyyətlər və sivilizasiyalararası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etməsindən söz açıb. Azərbaycanda olduqları müddətdə dini ibadətgahlara, o cümlədən Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidinə baş çəkdikləri və gördükləri məzhəblərarası həmrəyliyin, vəhdətin onlarda böyük təəssürat yaratdığı vurğulanılır.