Azərbaycanın balaca bombardirləri

09 Dekabr 2017 18:11

Futbol oyununun tarixi barədə dəqiq məlumat yoxdur. Təxmin edilir ki, futbol ilk dəfə 2500 il bundan əvvəl qədim Yunanıstan və Romada oynanılıb. İdmanın bu növü milyonlarla insanın müvəqqəti də olsa problemlərdən uzaqlaşmasına, uşaqların sağlam böyüməsinə, eləcə də ürəklərdə mübarizə əzminin və qələbə hissinin oyanmasına təkan verib. Son vaxtlar Azərbaycanda da futbola maraq artıb. Mütəxəssislər bildirir ki, ölkəmizdə futbolun inkişafı uşaq futboluna olan yanaşmadan asılı olacaq. Rüstəm Hüseynli və Vüsal Kərimov futbolla yeni məşğul olmalarına baxmayaraq, artıq müəyyən nailiyyətlər əldə ediblər. Futbol bütün qitələri, irqləri, millətləri birləşdirən dəyərdir. Bu, planetin ən populyar idman növüdür. Elə bu populyarlıq və çoxlu gəlir əldə etmək istəyi son dövrlər Azərbaycanda da validenləri uşaqlarını fotbola yönləndirməyə həvəsləndirib.  Azərbaycan futbolu 2017-ci ildə bir sıra ilklərə imza atdı. Millimiz dünya çempionatının seçmə qrup mərhələsini 10 xalla başa vurdu. Bu milli komandamızın indiyədək qazandığı ən yüksək göstərici oldu. Bundan əlavə Azərbaycan çempionu, Ağdamın “Qarabağ” klubu ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi. Komandamızın rəqibləri arasında Avropa nəhənglərindən İngiltərənin “Çelsi”, İtaliyanın “Roma” və İspaniyanın “Atletiko Madrid” klubları var idi. Güclü komandalarla oynamasına baxmayaraq, “Qarabağ” qrup mərhələsini 2 xalla başa vurdu. Mütəxəssislər bildirir ki, bu uğurlarda 2005-2015-ci illərdə futbola dair dövlət proqramının hazırlanmasının da böyük rolu olub. Maddi -texniki bazalar yenilənib. 10 dekabr Ümumdünya Futbol Günüdür. Bu bayram Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən təsis edilib. Bu, futbola hörmət əlaməti kimi qəbul olunub. Azərbaycanda isə futbolun əsası 1911-ci ildə qoyulub, ilk çempion isə Bakının "Cənub inşaatçısı" komandası olub.


SAMİR NAMİQOĞLU