Ağır qəzada 3 nəfər həyatından oldu

08 Dekabr 2017 17:08

Sumqayıtda yol nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Quba yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb. "Kamaz" markalı yük maşını magistral yola çıxan inəyi vurub, bu zaman arxadan gələn "Mersedes" markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.


Beyləqanda da ölümlə nəticələnən yol qəzası baş verib. Rayonun Talıbxanlı kəndi ərazisində 36 yaşlı Amil Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Hüseynağa adlı sürücünün idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.Nəticədə “VAZ -2107”nin sürücüsü hadisə yerində ölüb. “Mercedes”in sürücüsü Amil Əliyev və onun qardaşı Aqil Əliyev, digər sərnişin 22 yaşlı İlkin Əliyev müxtəlif bədən xəsarəti ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Amil Əliyevin vəziyyətinin daha ağır olduğu bildirilib.


Paytaxt Bakının Nizami rayonunda zəncirvari yol qəzası qeydə alınıb. Hadisə Babək prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə "Mercedes" işıqforun qırmızı işığında dayanan "Kia""Tayota" markalı avtomobillərə çırpılıb. Zərbənin təsirindən "Mercedes" yararsız hala düşüb. Sürücüsü isə yüngül xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları gəliblər. Müayinələr aparılıb. Avtotexniki ekspertiza təyin edilib.


Ümumiyyətlə ötən gün Azərbaycanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Qəzalar nəticəsində 5 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Bütün faktlar araşdırılır.