Dəhşət: Ata arvadını və 4 qızını öldürdü

07 Dekabr 2017 15:22

3 il bundan əvvəl törədilən qətlin üstü açılıb. Salyan şəhər sakinləri Mehparə Əliyeva və qızları - İradə, Rəqibə, Sevda və Ümidə Əliyevaların itkin düşmədikləri məlum olub. Ailə başçısı Fərhad Əliyevin spirtli içki aludəçisi olduğu üçün tez-tez münaqişələr yaşandığından qadının qızlarını götürərək Türkiyəyə getdiyi barədə söz-söhbətlər də əsassız çıxıb. Fərhad Əliyev və oğlu Fəqan tanışları ilə yeyib içdikdən sonra məlum hadisə ilə bağlı mübahisə ediblər. Səhər saatlarında isə ata-bala Salyan rayon polis şöbəsinə gələrək törətdikləri cinayəti etiraf ediblər. İlkin məlumata görə, qadın və qızları Fərhad Əliyev tərəfindən öldürüldükdən sonra oğlu Fəqanın köməkliyi ilə evin zirzəmisində basdırılıblar. Hadisə yerinə rayon polis şöbəsi və prokurorluğunun əməkdaşları cəlb olunub. Evin zirzəmisində basdırılan ana və qızların sümükləri çıxarılaraq məhkəmə-tibbi ekspertizasına göndərilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.