Qışın "qızıl" qidaları...

07 Dekabr 2017 10:32

Havanın soyuması özü ilə birlikdə xəstəliklər də gətirir. Buna görə də qış mövsümündə, sağlam və vitaminli qidalara üstünlük vermək əsas şərtlərdəndir. İmmuniteti gücləndirmək, soyuğa qarşı müqaviməti artırmaq dərmanlar vasitəsi ilə deyil, təbii yollarla olmalıdır. Qəhrəmanım Fərrux Əşrəfov da infeksion xəstəliklərdən yayınmağın yollarını, bədəndəki vitaminləri balanslaşdırmaqda görür. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər bir insan sağlam olması üçün gün ərzində 400 qram meyvə və tərəvəz yeməlidir. Amerika Səhiyyə Təşkilatı qış aylarında ən çox istifadə edilməsi vacib olan qidaların siyahısını hazırlayıb. Sıralamada tərkibində C vitamini bol olan meyvə və tərəvəzlər üstünlük təşkil edir. Mütəxəssislər bu günlərdə immun sisteminizi gücləndirərək xəstəliklərə qalib gəlmək üçün əsasən naringi, nar, kivi, alma və heyvadan istifadə etməyi məsləhət görürlər. Elə qəhrəmanım Fərrux kimi... Amma bəzi xroniki xəstəliyi olan insanlar var ki, onlara müəyyən meyvə və tərəvəzlərin qəbulu məsləhət görülmür. Xüsusən də şəkərli diabeti, xolesterini yüksək olan şəxslər tərkibində qlükozası çox olan meyvələrdən uzaq olsalar yaxşıdır. Ümumiyyətlə isə immuniteti yüksəltmək üçün yalnız vitamin tərkibli qidalar qəbul etmək kifayət deyil. İdman və aktiv həyat tərzi də vacib şərtlərdəndir.


SAMİR NAMİQOĞLU