Xəzərin hüquqi statusu üzrə Konvensiya hazırdır

06 Dekabr 2017 09:39

"Rəsmi Bakı Xəzərdə regional təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı-faydalı tərəfdaşlıq ruhunda, eləcə də tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll edilməli olduğuna inanır. Və bu, bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsindən ibarət olmalıdır". Xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə Xəzər dənizinin qorunması üzrə birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib. "Xəzərin hüquqi statusuna dair 20 illik işi yekunlaşdırdıq". Bu açıqlama ilə isə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. O, vurğulayıb ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyada açıq qalan bütün əsas məsələlərlə bağlı nəticə əldə olunub. Sənədin mətni də faktiki olaraq hazırdır. Kreml rəsmisi gələn il Xəzər dənizində Xəzəryanı ölkələrin birgə təlimlərinin keçirilməsi planlaşdırıldığını da bildirib. Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun da iştirakı ilə, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub. Sayca yeddinci iclasda Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya, Xəzərdə iqtisadiyyat, nəqliyyat, hərbi dənizçilik, brakonyerliyə qarşı mübarizə, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi sahələrində əməkdaşlıq və digər məsələlər müzakirə edilib.