Azərbaycan İsrail mətbuatında

05 Dekabr 2017 09:43

İsrailin nüfuzlu  "The Jerusalem Post" qəzetində tanınmış siyasi ekspert Arye Qut “Azərbaycan və EXPO-2025: daha yaxşı gələcəyə təminat verən iddialı layihə” sərlövhəli məqalə yazıb. Məqalədə qeyd olunub ki, başqa mədəniyyətlərdən fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə yad və özgə kimi baxmayıblar. Yəhudilər Azərbaycanda heç vaxt ayrı-seçkilik, təzyiq, təhqir, qırğın və ya antisemit hərəkətlərlə rastlaşmayıblar. Eyni zamanda rəsmi Bakı dəfələrlə antisemitizm təzahürlərini pisləyib və bu gün Azərbaycan, doğrudan da, bütün dünya üçün həyati əhəmiyyət kəsb edən multikulturalizmin mərkəzinin gözəl nümunəsidir. Azərbaycanda bu gün yeddi sinaqoq fəaliyyət göstərir, onlardan beşi paytaxt Bakı şəhərindədir, burada yəhudi məktəbləri də var. Müəllif qeyd edib ki, Azərbaycan bu gün Avropa ilə Asiyanı birləşdirən böyük bir regionda əsas siyasi, iqtisadi və geostrateji aktordur. Bu gün rəsmi Bakının İsraildə diplomatik missiyası olmasa belə, Azərbaycanın bir çox yüksək rəsmi nümayəndə heyətləri İsrailə səfər edib.  İsrail tərəfindən istehlak edilən neftin əhəmiyyətli bir hissəsi  Bakı-Tbilisi-Ceyhan böyük neft ixrac boru kəməri vasitəsilə əldə olunur. Ekspert əlavə edib ki, dünya bazarında neftin qiymətinin aşağı olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı dəyər yaradan iqtisadiyyata çevrilir. Böyükmiqyaslı islahatlar əsasən iqtisadiyyatın şaxələndirilməsinə, ölkənin neft və qaz gəlirlərindən asılılığının azaldılmasına, qeyri-neft sektorunun və ölkənin ixrac imkanlarının daha da yaxşılaşdırılmasına yönəlib. Azərbaycan “Bakı EXPO-2025” Ümumdünya Sərgisi üçün seçdiyi “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu ümumbəşəri əhəmiyyət daşıyır. Azərbaycanın əlavə olaraq təqdim etdiyi üç alt mövzu – İstedad, Sağlamlıq və Nailiyyət Birləşmiş Millətlər Təşkilatının təqdim etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəlidir.Sərgi ümumdünya EXPO-ların coğrafiyasını yeni regionda, yeni ərazidə genişləndirməklə yanaşı, gənc müstəqil ölkələrə özünü dünyaya daha yaxşı tanıtmaq baxımından yeni platforma kimi gözəl imkan yaradacaq.