Rusiya XİN Moskva görüşünü şərh etdi

02 Dekabr 2017 16:17

Moskvada dekabrın 4-5-də Xəzəryanı ölkələrin Xarici İşlər Nazirlərinin görüşü keçiriləcək. Sayca 7-ci dəfə baş tutacaq görüşdə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın Xarici İşlər Nazirləri bir araya gələcəklər. Nazirlər Xəzər dənizinin hüquqi statusu barədə konvensiyaya, eləcə də iqtisadiyyat, nəqliyyat, hərbi naviqasiya, brakonyerliyə qarşı mübarizə, dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi və bir sıra başqa sahələr üzrə beştərəfli əməkdaşlığı tənzimləyən sənədlərə diqqət ayıracaqlar. Əsas məqsəd Qazaxıstanda keçiriləcək V Xəzər Sammitinə hazırlıqdır. Rusiya Xarici İşlər Nazirliyinin görüşlə bağlı açıqlamasında belə deyilir. Qeyd olunur ki, rəsmi Moskva "Xəzər beşliyi" çərçivəsində dialoqun etimadlı və dostluq xarakterini yüksək qiymətləndirir və qonşu ölkələrin qarşılıqlı faydalı əlaqələrinin daha da genişləndirilməsini prioritet hesab edir.