3 ölkənin XİN rəhbəri görüşdü

30 Noyabr 2017 14:09

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Bakıda Azərbyacan xarici işlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoglu ilə görüşündə müzakirə olunub. Elmar Məmmədyarov, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə zidd olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunan ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib və münaqişənin həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə həmkarına məlumat verib. Elmar Məmmədyarov pakistanlı həmkarı ilə də görüşüb. "Üçtərəfli formatda bu cür görüşlər regional əməkdaşlığı və baş verən prosesləri müzakirə etməyə imkan verir". Bu fikir isə Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan xarici işlər başçılarının ilk üçtərəfli görüşündə səsləndirilib. Tərəflər belə formatlı əməkdaşlığın və xüsusilə energetika, nəqliyyat və digər sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Sonda Bakı Bəyannaməsi qəbul edilib. Növbəti görüşün 2018-ci ildə Pakistanda keçirilməsi planlaşdırılır.