Tbilisidə "II İpək Yolu" beynəlxalq konfransı keçirilir

28 Noyabr 2017 17:27

“Oktyabr ayında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrini Avropa dəmir yolu şəbəkəsinə birləşdirən alternativ yoldur”. Konfransı açıq elan edən Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bu haqda danışıb. Layihənin əhəmiyyətini qeyd edən baş nazir Gürcüstan, Türkiyə və Azərbaycan hökumətləri ilə sıx əməkdaşlığı xüsusi vurğulayıb. İki gün davam edəcək konfransda ilk dəfə olaraq Ukrayna və Moldovanın baş nazirləri, Sloveniyanın baş nazir müavini iştirak edirlər. Bildirilib ki, forum nəinki region üçün, eləcə də, bütövlükdə dünya ölkələri üçün önəmli layihələrin həyata keçrilməsinə və əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcək. Tədbirdə əsasən, həyata keçirilən iri regional neft və qaz layihələri, diqqət mərkəzində olacaq. "İkinci İpək Yolu" beynəlxalq konfransında Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Rauf Vəliyev və digər rəsmi şəxslər təmsil edirlər.


AZƏR MƏMMƏDOV