Girovlarımızın taleyi müzakirə olundu

28 Noyabr 2017 12:32

BMT təmsilçiləri ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi müzakirə olunub. Xarici işlər nazirinin müavini Xələf Xələfov ilə ölkəmizdə səfərdə olan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin Sahə Missiyaları və Texniki Əməkdaşlıq Departamentinin rəhbəri Jorjet Qanyon arasında keçirilən görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb. Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü və onların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulduğu lakin dünya ictimaiyyəti, o cümlədən beynəlxalq qurumlar tərəfindən məsələyə lazımı dərəcədə diqqət göstərilmədiyi qonağın diqqətinə çatdırılıb. İşğalçı qüvvələrin beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, doğma torpaqlarını ziyarət edən məcburi köçkün Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürməsinin və onların azadlıqdan məhrum etməsi faktlarına birmənalı qiymətin verilməsinin vacibliyi vurğulanıb. Söhbət zamanı ölkəmizdə insan hüquqları və əsas azadlıqlarının təmin olunmasına dövlət tərəfindən xüsusi diqqət yetirildiyi, bu sahədə mövcud olan milli qanunvericiliyinin təkmilləşdirildiyi, məhkəmə-hüquq sistemində mütəmadi olaraq islahatların aparıldığı, QHT-ın fəaliyyəti ilə bağlı prosedurların sadələşdirildiyi, vətəndaş cəmiyyətinin möhkəmləndirildiyi və insan hüquqları sahəsində davamlı olaraq milli fəaliyyət proqramlarının qəbul olunduğu bildirilib.