Azərbaycan həqiqətləri İsrail mətbuatında

27 Noyabr 2017 09:22

Cənubi Qafqazda Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi ilə baş qaldıran separatizm əvvəlcə başqa postsovet dövlətlərinin ərazisinə keçib, bu gün isə artıq Qərbi Avropada, o cümlədən İspaniyanın Kataloniya bölgəsində təzahür edir. Bu fikirlər İsrailin nüfuzlu ingilisdilli nəşri - “The Jerusalem Post” qəzetində dərc olunan “Cəzasızlıq cinayət doğurur: Separatizm Dağlıq Qarabağdan Kataloniyaya qədər” sərlövhəli məqalədə yer alıb.  Müəllif, beynəlxalq münasibətlər sahəsində tanınan israilli ekspert Arye Qutun  fikrincə, bu proses vaxtında araşdırılmasa və ona maneçilik edilməsə yaxın gələcəkdə Qərbin və dünyanın digər dövlətlərində də təzahür edə bilər. Yazıda Arye Qut  bir neçə gün bundan əvvəl  Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən Beynəlxalq Foruma da diqqət çəkərək səsləndirilən fikirlərdən sitat gətirib. "Kataloniya silahsız, dinc separatizmin yeganə nümunəsidir, lakin nədənsə Aİ məhz bu nümunəni xüsusi canfəşanlıqla aradan qaldırır. Bu da aydındır, çünki Kataloniya Aİ-nin özü, onun öz daxmasıdır. Ancaq Azərbaycan Avropaya lazımdır və Avropa öz tərəfdaşını başa düşməli, İspaniya kimi onu da dəstəkləməlidir” deyə Azərbaycanın AFR-dəki fəxri konsulu Otto Hauzerin toplantıdakı çıxışına istinad edilib. Arye Qut İsrailin müdafiə nazirinin keçmiş müavini, briqada generalı Efraim Sne-nin də səsləndirdiyi fikirlərə yer ayırıb. Sitat: "Hamı İspaniyanın və İraqın ərazi bütövlüyündən danışır. Bəs Azərbaycan? Bu, təkcə Avropanın riyakarlığı deyil, bu həm də naşükürlükdür! Avropada qışda soyuq olur, amma Azərbaycan qazı avropalıları donmaqdan qoruyur". Sitatın sonu. Arye Qut məqalənin sonunda Brüsseldə keçirilən tədbirin sabitliyin və gələcək dünya nizamının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.