Prezident Avropanı separatizmə qarşı səslədi

25 Noyabr 2017 12:53

"Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir." Bu fikirləri Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı söyləyib. XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz deyən dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Qeyd edib ki, separatizmin bütün formaları pislənməlidir və onun bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır. Dövlət başçısı iqtisadi sahədə qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən, reallaşdırılan layihələrdən söz açıb. Bildirib ki, bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Əlavə edib ki, Azərbaycan demokratiyanın inkişafı, insan haqlarının qorunmasına böyük önəm verir və buna sadiqdir.