Avropa Komissiyasından xəbərdarlıq

25 Noyabr 2017 10:18

"Avropa İttifaqı şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyəti cinayət məsuliyyəti yaradır". Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğu bununla bağlı xəbərdarlıq yayıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu cür addımlar Azərbaycanda həmin fəaliyyəti aparan fərdlərə və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə, həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir göstərə bilər. Nazirlikdən o da bildirilib ki, xəbərdarlıq mətnində Azərbaycan qanunvericiliyinə istinad edilməsi işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar üzərində rəsmi Bakının yurisdiksiyasının tanınması anlamını verir. Avropa Komissiyasının bu xəbərdarlığı İttifaqın fiziki və hüquqi şəxslərinin işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı Azərbaycanın  legitim tələblərinin yerinə yetirilməsi istiqamətində atdığı ilk addımdır.