Moldovalı yazarın həqiqətləri

21 Noyabr 2017 16:34

Moldovanın Effektiv Siyasət İnstitutunun direktor müavini, tarix elmləri doktoru Ruslan Şevçenko Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edib. Müəllif yazıda həm Dağlıq Qarabağ, həm də Dnestryanı münaqişələrin müqayisəli təhlilini aparıb. “Separatizmin dövlətçiliyin və ölkələrin sabitliyinə təhlükəsi” adlı analitik yazıda Şevçenko Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə və səbəblərinə toxunur. O, həm Dağlıq Qarabağda, həm Dnestryanı vilayətində XIX əsrin sonu XX əsrin əvvəllərində milli azlıqların nümayəndələrinin bu ərazilərə qəsdən köçürülməsi, xüsusən ermənilərin Dağlıq Qarabağa hansı şəraitdə və necə köçürülmələri barədə təkzibolunmaz faktları qeyd edir. Müəllif Dağlıq Qarabağda azərbaycanlılara qarşı erməni terrorunun faciəli nəticələrini statistik məlumatlarla göstərir. Məşhur yazar onu da vurğulayıb ki, beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə baxmayaraq, Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda quldur rejimi davam edir. Sonda müəllif sübut edir ki, separatizm böyük faciələr, o cümlədən böyük insan itkiləri, iqtisadiyyatın dağılması, xalqlar üçün silinməz mənəvi zədələr ilə nəticələnir. Buna görə də ölkələr və xalqlar arasında sülhü qorumaq üçün istənilən dövlət separatizmə qarşı amansız mübarizə aparmalıdır.