İdman sahəsində əlaqələr genişləndiriləcək

14 Noyabr 2017 11:36

Gürcüstan və Azərbaycan arasında bir çox sahələrdə əlaqələr yüksək səviyyədə inkişaf edir. İdman sahəsində də mövcud vəziyyətdən istifadə edərək əlaqələri daha da inkişaf etdirmək lazımdır. Bu fikirlər Gürcüstanın İdman və Gənclik İşləri naziri Tariel Xeçikaşvili ilə Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovun görüşündə qeyd olunub. Bildirilib ki, hər iki ölkənin idmançıları müxtəlif idman növləri üzrə birgə idman tədbirlərində iştirak edirlər və belə görüşlərin sayını  daha da artırmaq lazımdır. Gürcüstan və Azərbaycan arasında idmanla bağlı sıx əməkdaşlığın yaxşı nümunəsi kimi sentyabr ayında keçirilən qadın voleybolçuların Avropa Çempionatı göstərilib. Görüşdə həmçinin iki ölkə arasında yaxın gələcəkdə bir sıra maraqlı layihələrin həyata keçiriləcəyi də  bildirilib. Görüşdə Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarının da idman və gənclərarası müxtəlif layihələrdə iştirak edəcəkləri qeyd olunub. Gürcüstan və Azərbaycanın bir neçə idman federasiyası biznes əməkdaşlığına malikdir və bu sahə yaxın gələcəkdə daha da genişləndiriləcək.


AZƏR MƏMMƏDOV