Maşın bazarında son vəziyyət

13 Noyabr 2017 10:00

Maşın bazarında bu gün daha çox alverçilərə rast gəlinir. Onlar avtomobilləri ucuz alıb, bir balaca kosmetik dəyişiklik edərək, baha satırlar. Elə bu səbəbdəndir ki, maşın almaq istəyənlər bazara getməyə o qədər də maraq göstərmirlər. Bura gələnlərin əksəriyyəti daha çox qiymətlərlə maraqlanmaq üçün üz tutur. Buna baxmayaraq ara-sıra maşın alıb satanlar olur. Alıcılar isə daha çox dizellə işləyən avtomobillərlə maraqlanırlar. Onlar buna səbəb kimi onun qənaətçil olduğunu göstərirlər. Təzə avtomobil almaq istəyənlərsə benzini az işlədən maşınlara üstünlük verirlər. Mütəxəssislər bildirir ki, dizelin qiyməti benzindən ucuz olsa da, dizellə işləyən avtomobillərin ehtiyat hissələri daha baha olur. Mütəxəssislər bildirir ki, indi əksəriyyət məsrəflərini azaltmaq istəyir. Buna görə də yaxın zamanlarda benzin və dizellə işləyən maşınlardan başqa, ölkəyə qazla işləyən avtomobillərin gətirilməsi də proqnozlaşdırılır. Avropa isə ətraf mühiti çirkləndirən avtomobillərdən imtina etməyə hazırlaşır. Fransanın yeni ekologiya naziri bildirib ki, 2040-cı ilədək ölkədə benzin və dizel yanacağı ilə işləyən avtomobillər tamamilə qadağan ediləcək. Gələcəkdə elektriklə işləyən maşınların üstünlük təşkil edəcəyi gözlənilir.


XANLAR MEHDİYEV