Litva mətbuatı Cocuq Mərcanlıdan yazdı

27 Oktyabr 2017 10:57

24 il. Cocuq Mərcanlı kəndindən olan azərbaycanlılar doğma evlərinə qayıtmaq üçün bu qədər gözlədilər. Bu fikirlər jurnalist Aydanas Praleykanın Litva mətbuatında dərc olunan “Unudulmuş Qarabağ müharibəsi: “Biz işğalçıları onların öz sərhədinədək qovmağı bacarardıq” sərlövhəli məqaləsində yer alıb. Müəllif qeyd edir ki, 1988-1993-cü illərin Dağlıq Qarabağ müharibəsindən əvvəl Cocuq Mərcanlı kəndinin yerləşdiyi Cəbrayıl rayonunda 52 min nəfərdən çox əhali yaşayırdı. Bu il isə Cocuq Mərcanlıya 50 ailə qayııb.  Erməni mövqelərinin Cocuq Mərcanlıdan cəmi bir kilometr məsafədə yerləşməsinə diqqət çəkən jurnalist buradakı insanların atəşdən qorxmadıqlarını xüsusi vurğulayır.  “Biz işğalçıları onların öz sərhədinədək qovmağı bacarardıq”. Praleyka bu sözləri təkcə azərbaycanlı hərbçilərdən deyil, həm də dinc sakinlərdən dəfələrlə eşitdiyini də qələmə alıb. Müəllif yazır ki,  Azərbaycanın hərbi potensialı Ermənistana nisbətdə xeyli çoxdur. Azərbaycan dünya üzrə ən qabaqcıl silahları və hərbi texnikanı alır, Ermənistan isə Moskvanın ona bağışladığı və borca verdiyi silah-sursatla kifayətlənməli olur.