Uşaqlar dırnaqlarını niyə yeyirlər?

23 Oktyabr 2017 10:40

Dırnaqlarını, saçını yeyən, dodağını çeynəyən, barmağını sovuran, gözlərini tez-tez qırpan, belinibükərək gəzən, həddindən artıq əl-qol hərəkətləri edən uşaqlar... Onlar bu pis vərdişlərə necə və niyə yiyələnirlər? Bəzi balacalar bu hərəkətləri etmədən nə üçün dayana bilmirlər?  Təbii ki, hər bir valideyn övladında yaxşı keyfiyyətlərin formalaşmasını istəyir. Çünki uşaqların gələcəkdə cəmiyyətdə qəbul edilməsi də bir çox hallarda bundan asılı olur. Amma valideynlərin əksəriyyəti uşaqlarının pis vərdişlərdən əl çəkməsinə yardımçı olmaqda acizdir. Onlar bununla mübarizədə çıxış yolu kimi azyaşlının döyülməsinə üstünlük verirlər. Qadağalar, uşağın cəzalandırılması pis vərdişlərlə mübarizədə validenlərə nə dərəcədə kömək edə bilər? Cəzalandırma üsulu çıxış yoludurmu?  Mütəxəssislər bildirir ki, pis vərdişlərdən qurtulmağın yolu əvvəlcə onu yaradan səbəbləri müəyyənləşdirməkdən keçir. Bəzən “ötəri bir şeydir zamanla keçib gedəcək” dediyimiz bu hərəkətlər uzun müddət davam edə bilər. Zərərli vərdişlərdən qurtulmaq o qədər də asan deyil. Çünki uşaqlar bu hərəkətlərdən zövq alırlar. Onlar bununla həyəcanlarını azaltmağa çalışırlar. Mütəxəssislər bir daha xəbərdarlıq edir! Əgər siz pis vərdişləri uşağın üstünə qışqıra, danlaya, cəzalandıraraq qadağan etməyə çalışsanız vəziyyəti daha da çətinləşdirə bilərsiniz. Bu zaman azyaşlının daxili gərginliyi güclənər. Hətta bu yolla uşaq bir vərdişi tərgidərək, digərinə yiyələnə bilər. Pis vərdişlərdən qurtulmaq xeyli vaxt tələb edir. Bunun öhdəsindən gəlmək üçün valideynlərə mütəxəssislərə müraciət etmək və səbrli olmaq lazımdır. İstədiyiniz nəticəni əldə etməyin yeganə yolu budur!


XƏYALƏ VAQİFQIZI