Sürüşmə sahələrində aktivlik artdı

12 Oktyabr 2017 10:32

Zığ sakinləri bu problemin əlindən lap təngə gəliblər. Sözügedən ərazi sürüşmə sahəsi olduğundan yağıntılardan sonra aktivləşmə daha da artıb. Hətta Hatəm Allahverdiyev küçəsində bir neçə evin sakini artıq köçürülüb.  Zığ qəsəbəsində sürüşmə aktivləşsə də, Masazır, Badamdar, Bayıl, Biləcəri, Qaraçuxur, Buzovna, Əhmədli-Günəşli, Abşeron yarımadasının bir hissəsi də texnogen ərazi hesab edilir. Yəni yağışdan sonra sözügedən ərazilərdə sürüşmə hər an aktivləşə bilər. Statistikaya görə, Azərbaycanda 200-dən artıq  belə sürüşmə sahəsi mövcuddur. Bu ayın əvvəlində yağan yağıntıdan sonra monitorinq aparılıb və yeni sürüşmə sahələrinin mövcudluğu üzə çıxıb. Bölgələrə gəlincə, sürüşmə prosesi cənub zonasında aktivləşib. Lənkəranın dağlıq kəndlərində, Lənkəran-Lerik avtomobil yolunda hətta uçqun qeydə alınıb. Astara rayonu ərazisində də yağıntılar sürüşməni aktivləşdirib. Bəs sürüşmə hansı səbəblərdən yaranır?  Mütəxəssislər deyir ki, sürüşmə təibi hadisə hesab olunsa da, bəzən burada insan amili də rol oynayır. Əhalinin sıx yaşadığı yerlərdə yüklənmələr olduğundan həmin ərazilər sürüşməyə meylli olur. Odur ki, tikinti zamanı coğrafi amillər nəzərə alınmalıdır. Dünya təcrübəsində də belə ərazilərdə tikintinin aparılması qadağandır. Həmin yerlərdə ağac əkib, parklar salırlar ki, yeraltı suları ağaclar dibinə çəksin. Bizdə isə bu təcrübədən yalnız Bayıl yamacında istifadə olundu. Təəssüf ki, digər ərazilərdə problem qalmaqdadır.


SİMNARƏ HƏMİDQIZI