Əcnəbilərlə ailə quranların sayı niyə artıb?

11 Oktyabr 2017 11:04

Azərbaycanda əcnəbilərlə ailə quranların sayı hər il artır. Yarını xarici ölkə vətəndaşları arasından seçənlər isə daha çox qadınlardır.  Müasir dövrdə əcnəbi ilə ailə həyatı qurmaq, demək olar ki, adiləşib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkə vətəndaşları ilə əcnəbilər arasında 2431 nikah qeydə alınıb. Azərbaycanlılar daha çox Türkiyə vətəndaşları və türkdilli xalqların nümayəndələri ilə izdivaca girirlər. Bəs gənclərimizin xarici vətəndaşlara meyllənməsinə səbəb nədir? Niyə bəzi qadınlar və kişilərimiz xoşbəxtliklərini sərhədlərdən kənarda axtarırlar? Adətən ailədə zorakılığa məruz qalan qadınlar əcnəbi ilə izdivaca üstünlük verir. Sosioloqların araşdırması belə deməyə əsas verir. Bundan başqa, həqiqi sevgi, sosial maraqlar da bu kimi nikahların səbəbləri arasında yer alır. Fərqli mentalitet, fərqli inanc... Bu kimi amillər evləndikdən sonra tərəflər arasında fikir ayrılıqlarına gətirib çıxarır. Amma bu kimi maneələrə möhkəm sevgi, dərin hörmət sayəsində qalib gələnlər də var. Elə Ramazan və Leyla Tulumbacı cütlüyü kimi. Ailə elə bir ittifaqdır ki, onu qurmaqla yanaşı, qoruyub saxlamaq da lazımdır.  Əgər söhbət əcnəbi ilə nikaha daxil olmaqdan gedirsə, onda gərək tərəflər 100 ölçüb bir biçsin.  


XƏYALƏ VAQİFQIZI