Zorakılığa səbəb nədir?

02 Oktyabr 2017 10:29

Həyat yoldaşı və qayınanası tərəfindən tez-tez döyülən həmsöhbətimiz deyir ki, hətta övladları da zorakılığa məruz qalırdı. İşgəncələrə tab gətirə bilməyən qadın iki azyaşlı uşağı ilə birlikdə sığınacağa yerləşib. İnsanlara qarşı zorakılıq hallarının baş verməsini ekspertlər ailələrdə hörmət və sevginin olmaması ilə əlaqələndirir. Hətta bu zaman insan özündən asılı olmayaraq cəmiyyətin qınaq obyektinə səbəb ola biləcək üsullara da əl ata bilir. Təcrübə göstərir ki, zorakılıq təkcə  qadınlara qarşı törədilmir. Uşaqlara və kişilərə qarşı da zorakılıq faktları yetərincədir. Bu da ailə dəyərlərinin itməsi ilə əlaqələndirilir. Psixoloqlar hesab edir ki, bütün ailədaxili zorakılıqların başlıca səbəbi qısqanclıqla əlaqəlidir. Azərbaycanda zorakılığın aradan qaldırılması ilə bağlı bir sıra işlər görüldü. Qadın sığınacaqları yaradıldı, onların hüquq və azadlıqlarının qorunması istiqamətində layihələr həyata keçirildi. Zorakılıq törədən şəxslər 300 manatdan 500 manata kimi, psixi və cinsi zorakılığa səbəb olanlar isə 7 ildən 8 ilə qədər cinayət məsuliyyətinə cəlb olunur. Eksperlər deyir ki, bütün bunlarla yanaşı, maarifləndirmə işlərinin aparılması da vacibdir. Bu isə qadınlar və kişilər arasında paralel həyata keçirilməli, xüsusilə də bölgələrdə aparılmalıdır. Zorakılıq faktlarının artması sakinlər arasında da narahatlıq yaradır. Zorakılıq faktları təkcə ailələrdə yaşanmır. Dövlətlərarası müharibələrdə də insanlar zorakılığa məruz qalır. Yeri gəlmişkən, hər il 2 oktyabr “Beynəlxalq Qeyri-Zorakılıq Günü” kimi qeyd edilir. Bu tarix BMT Baş Assambleyasının qəbul etdiyi qərarla Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum gününə  təyin edilib.


XƏYALƏ VAQİFQIZI