21-ci əsr Azərbaycan toyları

20 Sentyabr 2017 11:10

Bütün xalqların milli-mənəvi dəyərlərini özündə əks etdirən adətlərdən biri də toydur. Azərbaycan toylarının 100-dən çox mərasimləri var. Bu da xalqımızın qədim ənənəyə, zəngin tarixi köklərə malik olmasını göstərir. Mütəxəssislər deyirlər ki, o dövrlərdə toy adətləri zəngin olduğundan insanlar buna bir neçə ay əvvəldən hazırlaşırdılar. Azərbaycanın qədim adətlərinə görə, bəylə gəlinin toy libası milli üslubda hazırlanırdı. Xüsusilə də o dövrdə qızların gəlinlik paltarı qırmızı parçadan tikilirdi. Lakin zaman keçdikcə, qırmızı libas ağ gəlinliklə, at isə faytonla əvəz edildi. Ağ gəlinlik bizə romalılardən gəlsə də, bu günümüzə qədər davam edir. Toyu “Vağzalı”sız təsəvvür etmək mümkün deyildi. Adətə görə, toy mərasimləri birmənalı olaraq “Vağzalı” sədaları ilə başlayırdı. Lakin zaman keçdikcə, insanların dünya görüşü kimi toy adətləri də dəyişdi. İlk olaraq gənclərin musiqi zövqü dəyişdi. Məsələn, əksər vaxtlar bəylə gəlin zala əncnəbi musiqilərin sədaları ilə daxil olur. Təşkilatçılar da təsdiqləyirlər ki, indi gənclər toylarını həddindən artıq müasir keçirməyə çalışırlar. Onlar dəbdəbəli və bər-bəzəkli toya üstünlük verirlər. Dekorasiya da daxil olmaqla bahalı şadlıq sarayları və gəlinlik maşınlarına xüsusi diqqət yetirirlər. Ona görə də getdikcə toylarda köhnə adətlərdən əsar-əlamət qalmır. Sosioloqların qənaətinə görə, bu vəziyyət gənc nəsilin nümayəndələri ilə orta və yaşlı nəsil arasında uçurum yaradır. Bu gün toylarda ən böyük problemlərdən biri musiqi tərtibatı və israfçılıqla bağlıdır. Səsgücləndiricinin yüksək olması səbəbindən, “ağız deyəni qulaq eşitmir”. Menyuya gəlincə, 10-12 növ yemək çeşidləri, müxtəlif salatlar, içkilər təqdim olunur. Bu da 30-40 növ qida növü deməkdir. Bir sözlə, adətlər yerini təmtəraqlı mərasimlərə verir. Araşdırmalar göstərir ki, toylara çəkilən xərclərə görə, Azərbaycan dünyada Yaxın Şərq və keçmiş sovet respublikasında birinci yeri tutur. Sosioloqlar insanların təmtəraqlı toylara üstünlük verilməsini “qonşudan qalma geri” prinsipi ilə əlaqələndirirlər. Bildirilir ki, burada əsas məsuliyyət valideynlərin üzərinə düşür. Onların heç də hamısı “ayaqlarını yorğanlarına görə uzatmırlar”. Ekspertlər deyirlər ki, cütlüklər keçmiş adətləri nadir hallarda xeyir işlərində yaşadırlar. Məsələn, bir vaxtlar unudulan xına mərasimlərinin yenidən dəbə gəlməsi təqdirəlayiq haldır. Əvvəllər toylar olduğca zəngin keçirdi. Bu gün isə çoxu standart olsa da, kreativliyi ilə seçilən toylar da var. Mütəxəssislər hesab edirlər ki, əslində toya cütlüyün lap yaxın dost-tanışı və birinci-ikinci dərəcəli qohumları dəvət olunmalıdır. Lakin 300-500 nəfərin çağırılması ailə büdcəsinə ziyan vurur. Xarici təcrübəyə görə, Avropada toylarda 20-30 nəfərdən çox adam iştirak etmir. Yaxın tanışlardan ibarət olan toy cəmi 2-3 saat davam edir.


SİMNARƏ HƏMİDQIZI