Sumqayıtda xuliqanlıq edənlər tutuldu

13 Sentyabr 2017 18:08

Sumqayıt polisi Corat qəsəbəsi ərazisində quraşdırılan bankomatlardan birindən külli miqdarda maddi vəsaitin oğurlanmasının qarşısı alıb. Adıçəkilən ünvanda bankomatın qapısını sındırıb,oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural polis əməkdaşları tərəfindən saxlanılıb. Dəstə üzvləri hadisədən bir neçə gün əvvəl həmin bankomatın yanına gələrək müşahidə aparıblar. Hadisə günü isə onlar özləri ilə lazımı avadanlıqlar götürərək bankomatın içində olan seyfi qıraraq oğurluq etməyə cəhd göstəriblər. Onların yaşadıqları ünvanlara baxış zamanı hadisəni törədən zaman istifadə olunan dəmir alətlər maddi sübut kimi götürülüb.


Sumqayıtda iki gün əvvəl şəxsiyyəti məlum olmayan 2 nəfər xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb, xəsarət yetirib, tapança ilə hədələyiblər. Dırnaqarası qəhrəmanlar bundan sonra onun evinə hücum ediblər. Sumqayıt şəhər Polis İdarəsinə daxil olan məlumata əsasən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər şəhər sakinləri Anar Tağızadə və Qabil Əliyev saxlanılaraq istintaqa təqdim olunub. Anar Tağızadənin idarə etdiyi avtomobilə baxış zamanı hadisə zamanı istifadə olunan 1 ədəd pnevmatik,  1 ədəd idman tapançası götürülüb. Anar zərərçəkən şəxsin onun ailə üzvlərindən birinin ünvanına nəlayiq ifadələr işlətdiyinə görə tanışı QabilƏliyevlə birlikdə onu döydüyünü və silahla evinə hücum etdiyini etiraf edib. Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


RAMİL ZEYNALLI