Dirilərin yaratdığı "Ölülər Muzeyi"...

13 Sentyabr 2017 11:23

Paytaxtda bir çoxumuzun yanından keçdiyi bir bina var ki, onun içərisində mumiyaların olduğundan xəbərsizik. Hər kəsin daxil ola bilmədiyi bu yerdən və burada olanlardan danışacağıq. Muzeydə ilk diqqətimizi çəkən eybəcər və qüsurlu doğulan uşaqların meyitlərinin saxlandığı yer oldu. Normadan çox inkişaf etmiş və digər qüsurlu uşaqlarla yanaşı, nağıllarda oxuduğumuz və bəzi mifik filmlərdə gördüyümüz “təpəgöz” uşağın eksponatı da burada yerləşdirilib. Siam əkizlərinin meyitlərinin isə 10 ilə yaxın tarixi var.  Diqqətimizi çəkən daha bir eksponat isə insan orqanları muzeydir. Sahibsiz meyitləri yarandan sonra onların içalatı, beyinləri götürülərək muzeydə preparat kimi istifadə edilir. Muzeyin bu bölməsində bütün yaş qruplarına məxsus ürək, ciyər, dalaq və  digər daxili orqanlar mövcuddur. Bundan başqa, 1-2 aylığından başlamış 7-8 aya qədər insan embrionu və döllərin yaş preparatlarının kolleksiyası da burada yerləşdirilib. Onlar xüsusi qablarda saxlanılır. Muzeydə insana məxsus kəllə və ya çənə sümüyü, beyin yarımkürəsi də az deyil. Lakin bunların hamısı meyitlərdən yığılmayıb. Əksəriyyəti arxeoloji qazıntılar zamanı toplanıb. Ümumilkdə muzeydə 5 min 200-ə qədər meyitlərdən ibarət eksponat var. Onların içərisində illərdir ki, qorunub saxlanılan mumyalanmış insan skleti isə həm adamı heyrətləndirir, həm də vahimləndirir. Tələbələrə təcrübə keçmək üçün meyitlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən əldə olunur. Lakin bu prosedur ələ də asan başa gəlmir. Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası kafedrası ilk dəfə 1919-cu ildə Bakı Dövlət Universitetinin tərkibində yaranıb. Bu yaxınlarda 100 illiyini qeyd etməyə hazırlaşan kafedrada toplanan eksponatlar tələbələr üçün əyani vəsait kimi istifadə olunur. Bir sözlə, anomal preparatlarla zəngin olan bu muzeyin dünyada analoqu yoxdur. Çünki özündə  tarix yaşadan muzey xaricdən gələn qonaqların da yaddaşında silinməz izlər buraxıb.


SİMNARƏ  HƏMİDQQIZI