ARB 24 ilk yayımına çıxdı - VİDEO

27 Noyabr 2018 17:26

Azərbaycanın ilk biznes-xəbər kanalı kimi fəaliyyətə başlayan “ARB 24” telekanalı 24 saat ölkə və dünyanın xəbər mühiti, xüsusilə iqtisadi sahədə baş verən bütün yenilikləri tamaşaçılara təqdim edir. Günün iqtisadi gündəmi müxtəlif canlı verilişlərdə müzakirə edilməklə yanaşı, ölkə və dünya birjalarında baş verən proseslər, hadisələrin valyuta bazarına təsirləri barədə yerli və xarici mütəxəssislərlə təhlillər aparılır.

Bununla yanaşı canlı bağlantılarla İstanbul, London, Nyu-York birjalarında baş verən ən son yeniliklər, həmin birjalarda çalışan “ARB 24”ün daimi ekspertləri vasitəsi ilə tamaşaçıların diqqətinə çatdırılır. Bu canlı bağlantıların həyata keçirilməsinə görə, telekanalımız SOCAR Capital MMC-yə xüsusi təşəkkür edir.

“ARB 24” həmçinin REUTERS, BLOOMBERG, APTN, İHA kimi dünyanın böyük media agentlikləri ilə əməkdaşlığa başlayıb. Telekanalın efirində yayımlanan müxtəlif məzmunlu buraxılış və verilişlərdə bu agentliklərin məhsullarından istifadə edilir.

Ölkənin ilk biznes yönümlü informasiya telekanalı olan “ARB 24” bununla yanaşı mütəmadi olaraq bir çox dövlət və özəl qurumları ilə də sıx əməkdaşlıq edir. Bu çərçivədə artıq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə layihəyə start verilib. Canlı bağlantılarla “Asan xidmət” mərkəzlərinin gündəlik əməliyyatları barədə statistik məlumatlar verilir. “ARB 24” Bakı Fond Birjası, Mərkəzi Bank və digər ölkə iqtisadiyyatının idarə olunmasında mühüm rolu olan qurumlarla da birgə layihələrin icrası ilə bağlı iş aparır.

Xüsusilə iqtisadi və biznes sahəsində çalışan şəxslər zamanlarını olduqca dəyərli hesab edirlər. Məhz bu səbəbdən “ARB 24” telekanalı “Vaxtımız dəyərlidir” şüarı ilə bu sahədə çalışan peşəkarlara dəqiq və operativ informasiya ötürməyi və onların vaxtını daha da dəyərləndirməyi öz üzərinə götürüb.

“ARB 24” açıq yayımdan öncə 2 həftəyə yaxın daxili test yayımı həyata keçirilib. Bu müddətdə yayımı ancaq kanalın səlahiyyətli şəxsləri izləyə bilirdilər. İki həftə ərzində test yayımı həyata keçirilməsinə baxmayaraq, çoxsaylı ekspertlər, iş adamları, dövlət məmurları vaxt ayırıb, studiyamızın qonağı olublar və bu bizə efiri real rejimdə test etməyə imkan verib. 
Bu prosesdə iştirak edən hər kəsə dərin təşəkkürümüzü bildirmək istəyirik. Onların telekanala qarşı isti münasibəti bizim yayıma daha səlis və hazır vəziyyətdə çıxmağımıza imkan verdi.

Aparıcıların efirdə vizual hazırlanması işini yüksək səviyyədə təmin etdiyinə görə isə bu sahədə öz işinin peşəkarı, “Beauty Academy”in rəhbəri, məşhur stilist Anar Ağakişiyevə və onun komandasına xüsusi təşəkkürümüzü bildirmək istəyirik.

Komandamız əmindir ki, yaxın zamanda telekanal geniş auditoriya, xüsusən iş adamları, iqtisadi ekspertlər, iqtisadi-kommersiya qurumlarının rəhbərləri və işçiləri tərəfindən yüksək qiymətləndiriləcək və ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq.